Süni intellektin şüuru varmı? | "Yandex" araşdırır

      Süni intellektin şüuru varmı?    | "Yandex" araşdırır
  20 Noyabr 2025    Oxunub:2299
Rusiyanın "Yandex" texnologiya şirkəti süni intellektdə (Sİ) şüurun mümkünlüyünü öyrənmək məqsədilə yeni tədqiqata başlayıb.
"TASS" dövlət xəbər agentliyinin şirkətə istinadən yaydığı xəbərə görə, tədqiqatın məqsədi Sİ-nin insan tərəfindən meydana gətirilmiş məzmun əsasında yox, məhz özünə məxsus sabit təfəkkürünün, baxış bucağının, seçim azadlığının hansı dərəcədə formalaşdığını müəyyənləşdirməkdir. Tədqiqat Rusiya Elmlər Akademiyasının üzvü, neyrobioloq Konstantin Anoxinlə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

(Rusiyalı neyrobioloq Konstantin Anoxin)

Mütəxəssislər ilkin mərhələdə fundamental dil modelinin əlavə təlimə ehtiyac duymadan sabit seçim irəli sürə bilib-bilmədiyini sınaqdan keçirdilər: model müsbət nəticə verməyib. "Yandex"in Sİ texnologiyalarının inkişafı üzrə direktoru Aleksandr Kraynov "TASS"a müsahibəsində diqqətə çatdırıb ki, növbəti mərhələdə isə Sİ-nin mümkün düşüncələri üzərində təcrübə aparılacaq. Müəyyən addımlarla stimul yaradılaraq onun sərbəst fikir yürütməsinə çalışılacaq. Bu təcrübədə modeldən müəyyən suallara cavab verməsi, eyni zamanda, seçimini əsaslandırması istəniləcək. Beləliklə, Sİ-də insan inanclarına oxşar konkret daxili qənaətlərin formalaşıb-formalaşmadığı üzə çıxarılacaq:

("Yandex"in Sİ texnologiyalarının inkişafı üzrə direktoru Aleksandr Kraynov)
Süni intellekt insan beyninə qarşı: Hansı nədə güclüdür?

"Biz insanlar öz zehinlərimizə mütəmadi təlim keçirik. Bu, fikirləşdiyimiz əsnada avtomatik baş verir. Süni intellekt isə yalnız "başqalarının düşüncələri" əsasında öyrənir. Sİ-ni öz mühakiməsi üzərində formalaşmağa istiqamətləndirə bilsək, onda öz sərbəst baxış bucağına malik model əmələ gələcək. Məqsədimiz Sİ-də təkid və təqliddən azad daxili qənaəti meydana gətirməkdir".

"Yandex" mütəxəssislərinin fikrincə, Sİ-də sabit seçimlərin mümkünlüyü üzə çıxarsa, deməli, onda insana xas şəxsiyyətin, xarakterin, təfəkkür və dünyagörüşünün inkişafı da mümkündür: "Bu yeni yanaşma süni intellektin potensialını daha dərindən anlamaq, mövcud modellərin imkanlarını aşan problemlərin həllini töhfə vermək, texnologiyanı şüurlu düşüncəyə yaxınlaşdırmaq məqsədi daşıyır".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Yandex   süni-intellekt   şüur   tədqiqat  



Xəbər lenti